ASTARA, 1 sentyabr. TELEQRAF

Hirkan Milli Parkında hasara alınmış ərazi ilə bağlı Teleqraf-da qaldırılan məsələ həllini tapıb.

Astara rayonunun Ağkörpü kənd sakinlərinin məlumatına görə, milli parkın ərazisində fərdi yaşayış evinin tikintisi məqsədilə hasara alınmış sahədə çəkilən çəpərlər sökülüb.

Sakinlərin sözlərinə görə, məsələ Teleqraf İnformasiya Agentliyi tərəfindən işıqlandırıldıqdan sonra Hirkan Milli Parkının rəhbərliyi əraziyə baxış keçirib və hasarların sökülməsi təmin olunub.

***

10:09

Hirkan Milli Parkının Astara rayonunun Ağkörpü kəndi ərazisində bəzi torpaq sahələrinin vətəndaşlara satıldığı iddia olunur.

Kənd sakinlərinin Teleqraf-ın Cənub bürosuna bildirdiklərinə görə, milli park ərazisinə aid olduğu bildirilən müəyyən sahə hazırda çəpərlənib.

Sakinlər iddia edirlər ki, sözügedən ərazi İbayev Etibar Hacırza oğluna yaşayış evi tikilməsi üçün satılıb. Çəpərləmə işləri artıq başa çatıb və yaxın vaxtlarda həmin ərazidə tikinti işlərinə başlanılması gözlənilir.

Qeyd edək ki, Hirkan Milli Parkı xüsusi mühafizə olunan təbiət ərazisidir və burada torpaqdan istifadə və tikinti fəaliyyəti xüsusi rejimlə tənzimlənir.

Mütəxəssislərin fikrincə, belə ərazilərdə yaşayış evinin tikintisinin qanuni olub-olmaması torpaq sahəsinin hüquqi statusu, funksional zonası və müvafiq icazələrin mövcudluğu əsasında müəyyən edilməlidir.