BAKI, 6 iyul. TELEQRAF
Şükürbəyli kəndində daha 46 ailəyə evlərinin açarları təqdim olunub.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, növbəti köç karvanı ilə Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatan 46 ailəyə yeni evlərinin açarları təqdim edilib.
Kəndə gələn ailələr əvvəlcə qarşılanıb, daha sonra ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə maarifləndirilib. Onlara naməlum əşya və cisimlərdən uzaq durmaq, belə hallarla rastlaşdıqları təqdirdə isə aidiyyəti qurumlara dərhal məlumat vermək tövsiyə olunub.
Açarların təqdim edilməsi mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları, eləcə də digər rəsmi şəxslər iştirak ediblər. Ailələr yeni evlərinin açarlarını qəbul edərək sevinc hissi ilə mənzillərində məskunlaşıblar.
Qeyd edək ki, bu mərhələdə Şükürbəyli kəndinə ümumilikdə 46 ailə, yəni 223 nəfər köçürülüb. Köçürülən ailələr indiyədək respublikanın müxtəlif bölgələrində yataqxanalarda, sanatoriyalarda, düşərgələrdə, yarımçıq tikililərdə və inzibati binalarda müvəqqəti məskunlaşmış şəxslərdir.
****
13:51
İşğaldan azad olunan Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr doğma yurdlarına qovuşublar.
Teleqraf xəbər verir ki, bu mərhələdə Şükürbəyli kəndinə 223 nəfərdən ibarət 46 ailə köçürülüb.
Daha sonra ailələrə mənzillərin açarları təqdim ediləcək.
***
06:26
Bu gün Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb.
Teleqraf xəbər verir ki, bu mərhələdə Şükürbəyli kəndinə 223 nəfərdən ibarət 46 ailə köçürülüb.
Kəndə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.