BAKI, 8 iyul. TELEQRAF

Rusiyalı erməni əsilli iş adamı Samvel Karapetyan Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan, hökumət aparatının rəhbər müavini Taron Çaxoyan və politoloq Arutyun Mkrtçyana qarşı məhkəmədə iddia qaldırıb.

Teleqraf xəbər verir ki, bu barədə məlumat Ermənistanın məhkəmə portalı "Datalex"də yerləşdirilib.

Karapetyan hər üç şəxsdən təkzib və 9 milyon dram məbləğində kompensasiya ödənilməsini tələb edir.

İddiaçı bildirir ki, Nazeli Bağdasaryan onu başqa ölkənin tapşırığı ilə Ermənistanın daxili işlərinə müdaxilədə ittiham edib və ünvanına təhqiramiz ifadələr səsləndirib.

Taron Çaxoyan isə sosial şəbəkələrdə Karapetyanı “xarici emissar” adlandıraraq onun adını ölkədəki enerji böhranı və “Elektrik Şəbəkələri Ermənistan” şirkətinin idarəçiliyi ilə əlaqələndirib.

Bənzər ittihamlarla politoloq Arutyun Mkrtçyan da çıxış edərək Karapetyanın xarici dövlətin maraqlarına xidmət etdiyini və Ermənistan əleyhinə fəaliyyət göstərdiyini bildirib.

Qeyd edək ki, “Taşir”in sahibi S.Karapetyan iyunun 18-də hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlar etmək ittihamı ilə iki ay müddətinə həbs edilib.