BAKI, 9 iyun. TELEQRAF

Ermənistanda inşa olunması planlaşdırılan yeni atom enerji blokunun texniki-iqtisadi modelinin dəqiqləşdirilməsi istiqamətində işlər davam etdirilir. Bu model ölkənin enerji sisteminin spesifik xüsusiyyətlərini, gələcək güc tələbatını və maliyyələşmə strukturunu nəzərə alacaq.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan 2024-cü il dövlət büdcəsinin icrasına dair illik hesabatın ilkin müzakirəsi zamanı parlamentin daimi komissiyalarının birgə iclasında çıxış edərkən məlumat verib.

Onun sözlərinə görə, yeni enerji blokunun tikintisi məqsədilə dünyada mövcud olan müasir nüvə texnologiyalarının, o cümlədən modul tipli reaktorların araşdırılması davam edir.

“Bu məqsədlə 2023-cü ildə Ermənistan hökuməti ‘Yeni Atom Enerji Blokunun Tikintisi’ Qapalı Səhmdar Cəmiyyətini təsis edib. Hazırda qurumda kadr potensialının formalaşdırılması istiqamətində işlər aparılır”,- nazir qeyd edib.

Xudatyan həmçinin bildirib ki, Metsamor Atom Elektrik Stansiyasının ikinci enerji blokunun modernləşdirilməsi və onun istismar müddətinin 2026-cı ilə qədər uzadılması ilə bağlı tədbirlər də paralel şəkildə həyata keçirilir.