BAKI, 25 may. TELEQRAF

BP “Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yatağında ilk dəfə multilüləli quyu (MLT) texnologiyasını tətbiq edib.

Bu barədə Teleqraf-a “BP Azetbaijan”dan məlumat verilib.

Bildirilib ki, bu, Xəzər dənizinin ən uzun müddət istismarda olan yataqlarından birindən neftvermə əmsalının maksimuma çatdırılması və hasilatın uzunmüddətli davamlılığının təmin edilməsi məqsədilə edilib.

“MLT texnologiyasının tətbiqi AÇG yatağının mürəkkəb geoloji strukturlarında qazma işlərinin texniki çətinliklərini aradan qaldırmaqla yanaşı, platformalarda mövcud quyu şaxtalarının məhdudluğu probleminin həllinə də dəstək verir. Bu texnologiya bir quyu lüləsindən lay-kollektora bir neçə yerdən daxil olmağa imkan verməklə lay-kollektora çıxışı genişləndirmək, drenaj səmərəliliyini artırmaq və mövcud infrastrukturdan maksimum faydalanmaq üçün şərait yaradır.

İlk MLT quyusu olan C44 quyusu “Qərbi Azəri” platformasından qazılıb və artıq uğurla təhvil verilib. Bu, Xəzərdə indiyədək qazılmış ilk çoxlüləli quyudur. Bu uğur MLT texnologiyasının AÇG yatağının mürəkkəb lay-kollektor şəraitində həm texniki cəhətdən tətbiqinin mümkünlüyünü, həm də yüksək iqtisadi səmərəsini aydın şəkildə göstərir.

AÇG yatağında texnologiyaların strateji tətbiqi çərçivəsində BP bütün yataq miqyasında çoxlüləli quyuların qazılması məqsədilə geniş bir kampaniya həyata keçirməyi planlaşdırır. Bu kampaniyaya bu ilin ilk yarısında istismara verilməsi planlaşdırılan C44 və D41 quyuları da daxil olmaqla 2026-cı il ərzində üç MLT quyusu ilə start veriləcək. Uzunmüddətli perspektivdə isə 2027-2028-ci illər ərzində daha çox sayda çoxlüləli quyuların qazılması nəzərdə tutulur ki, bu da həmin texnologiyanın yatağın gələcək hasilatında mühüm rol oynayacağını bir daha vurğulayır”, - deyə şirkətin məlumatında qeyd olunub.