BAKI,1 dekabr. TELEQRAF

Səngəçal Terminalının Elektrikləşdirilməsi (STEL) layihəsi üzrə tikinti işləri təhlükəsiz və qrafikə uyğun şəkildə irəliləyir.

Bu barədə Teleqraf-a Səngəçal terminalının operatoru "BP Azerbaijan"dan məlumat verilib.

Qeyd edək ki, 2028-ci ilin sonunadək terminalın tam elektrikləşdirilməsini təmin etmək üçün indiyədək layihə üzrə üç əsas müqavilə imzalanıb:

Mühəndis-layihələndirmə, təchizat və tikinti (EPC) müqaviləsi - Təxminən 43 milyon ABŞ dolları dəyərində olan bu müqavilə “AzərEnerji” ASC-yə verilib. Bu müqavilə çərçivəsində bütün sahələr üzrə inşaat-hazırlıq işləri yekunlaşmaq üzrədir və növbəti mərhələdə avadanlıqların quraşdırılması və kabellərin çəkilməsi işlərinə başlanılması nəzərdə tutulur.

Tikinti və quraşdırma müqaviləsi - Dəyəri 19 milyon ABŞ dolları olan bu müqavilə “Azfen” MMC-yə verilib. Müqavilə çərçivəsində terminalda tikinti işləri 2025-ci ilin avqust ayında başlanıb və əsas avadanlıqların quraşdırılması üçün bünövrə işləri daxil olmaqla bir neçə istiqamət üzrə irəliləməkdədir.

Mühəndis-layihələndirmə və təchizat müqaviləsi - 7 milyon funt sterlinq dəyərində olan bu müqavilə Səngəçal terminalında mühəndis-layihələndirmə və təchizat işlərinin icrası üçün SOCAR KBR-a verilib. Müqavilə çərçivəsində layihə fəaliyyətləri davam edir və hazırda əsas diqqət müfəssəl mühəndis-layihələndirmə və avadanlıqların tədarükünün sürətləndirilməsi işlərinə yönəlib.