BAKI, 14 noyabr. TELEQRAF

İndiyə qədər Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Gürcüstana yatırılan 2 milyard ABŞ dollarından çox investisiya yatırılıb.

Energetika Nazirliyindən Teleqraf-a verilən məlumata görə, bu barədə Tbilisidə “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi” layihəsi üzrə Nazirlər/Rəhbər Komitənin 11-ci iclası çərçivəsində energetika naziri Pərviz Şahbazov Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ilə görüşündə qeyd edib.

Görüşdə Azərbaycanın Gürcüstanın enerji ilə təchizatında bir nömrəli tərəfdaşı olaraq qaldığı qeyd edilib.

Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Cənub Qaz Dəhlizi layihələri, karbohidrogen və elektrik enerjisi sahəsində geniş əməkdaşlıq enerji əlaqələrinin töhfələri kimi dəyərləndirilib.

Görüş zamanı qaz və elektrik enerjisinin tədarükü, tranziti, SOCAR-ın Gürcüstanda fəaliyyətini genişləndirməsindən irəli gələn məsələlər, habelə planlaşdırılan layihələrlə bağlı müzakirələr aparılıb. Enerji tərəfdaşlığının yeni layihələrlə möhkəmləndirilməsinin hər iki ölkə üçün prioritet olduğu bildirilib. Bu xüsusda, “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin Azərbaycan, Gürcüstan və Avropa arasında yeni enerji əlaqəsi kimi strateji əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Bildirilib ki, “Qara dəniz sualtı kabel layihəsi” və “Yaşıl Enerji Dəhlizi” paralel inkişaf etdirilir və hər iki layihə arasında koordinasiyanın gücləndirilməsi iştirakçı dövlətlər və şirkətlər arasında əməkdaşlığı artırmaqla icra prosesinin effektivliyini təmin etməyə, hər iki layihənin Avropa İttifaqı və maliyyə institutlarından maksimum dəstək qazanmasına imkan yarada bilər.

Həmçinin Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında elektrik əlaqəsini və ticarətini genişləndirməyə xidmət edən interkonnektorun da texniki-iqtisadi əsaslandırma tədqiqatının həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

*** 09:54

Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstana yatırdığı investisiyaların həcmi 2,1 milyard ABŞ dollarına çatır.

Teleqraf xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkə hesabında qeyd edib.

"Tbilisidə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ilə strateji enerji tərəfdaşlığımızın prioritetlərini və yeni layihələrin qarşılıqlı faydalı əsasda inkişafını müzakirə etdik. Bu ilin ilk 9 ayında Gürcüstana 1,5 milyard kubmetr təbii qaz tədarük edilib, elektrik enerjisi ixracı isə 372 milyon kVt/saat olub",- nazir əlavə edib.