BAKI, 20 oktyabr. TELEQRAF
2025-ci ilin dekabrından "Qarabağ" yatağı üzrə seysmik tədqiqat proqramına start veriləcək.
"BP-Azerbaijan"dan Teleqraf-a verilən məlumata görə, tədqiqat proqramına dənizdibi sensor qovşaqlarla (OBN) seysmik tədqiqat və yüksək dəqiqlikli (HR)/ultra yüksək dəqiqlikli (UHR) seysmik tədqiqat daxildir.
Bildirilib ki, OBN tədqiqatının 2025-ci ilin dekabrında başlayacağı və 3,5 ayadək davam edəcəyi planlaşdırılır. HR/UHR tədqiqatın isə 2026-cı ilin mart-aprel aylarında həyata keçiriləcəyi və 45 günədək davam edəcəyi nəzərdə tutulur.
OBN seysmik tədqiqatın yataq haqqında daha dərin məlumatların əldə olunmasına, quyuların planlaşdırılmasına və yatağın işlənmə strategiyalarının təkmilləşdirilməsinə imkan yaradacağı gözlənilir. HR/UHR seysmik tədqiqatın əsas məqsədi quyu bütövlüyünə təsir göstərə biləcək geoloji riskləri, eləcə də platformanın və digər infrastrukturun təhlükəsiz şəkildə quraşdırılmasına maneə törədə biləcək yeraltı təhlükələri müəyyənləşdirməkdir.
Məlumata görə, OBN tədqiqatının mənbə sahəsi 500 km2 , qovşaq sahəsi isə 248 km2 olacaq (bax: Şəkil N.3). Tədqiqat dənizin 140-200 m dərinliyində aparılacaq.