BAKI, 13 oktyabr. TELEQRAF

Şəfəq (Cəbrayıl) günəş layihəsi üzrə tikinti qrafikə uyğun şəkildə irəliləyir.

Bu barədə Teleqraf-a "BP Azerbaijan"dan məlumat verilib.

Bildirilib ki, 2025-ci ilin iyun ayında yekun investisiya qərarı qəbul edildikdən sonra layihə üzrə iki əsas müqavilə imzalanıb:

Mühəndislik, Təchizat və Tikinti (EPC) müqaviləsi.

Təxminən 117 milyon ABŞ dolları dəyərində olan bu müqavilə "Intec" və "Complant" şirkətlərinə verilib. Müqavilə mühəndislik, təchizat və tikinti xidmətləri üzrə bütün iş həcmini, eləcə də obyektin ilk iki il ərzində istismar və texniki xidmət işlərini əhatə edir. Layihə sahəsində hazırlıq işləri artıq tamamlanıb və hazırda tikinti prosesi torpaq işləri və daxili yolların çəkilməsi ilə davam edir.

Modul təchizatı müqaviləsi.

Dəyəri 29 milyon ABŞ dollarından çox olan bu müqavilə günəş panellərinin təchizatı üçündür. İşlər artıq başlayıb və ilk panellər 2025-ci ilin avqust ayında uğurla əraziyə çatdırılıb.

Shafag (Jabrayil) Solar Limited” (SJSL) şirkətinin direktoru Kolin Allan qeyd edib ki, torpaq işləri zamanı layihə ərazisinin şimal hissəsində bir tarixi arxeoloji abidənin aşkarlanması sevindirici hadisədir:

"Hasarlanmamış açıq yaşayış məskəni olan bu tapıntının Tunc və Erkən Dəmir dövrlərinə aid olduğu ehtimal olunur. Arxeoloji sahədə dəyirman daşlarının fraqmentləri, gil saxsı qırıqları (küplər, qablar, bişirmə qazanları) və çay daşlarından düzülmüş tikinti strukturları kimi səth materialları aşkarlanıb.

"Bu tapıntıların tarixi dəyərini və əhəmiyyətini qiymətləndirmək məqsədilə Azərbaycan Arxeologiya və Antropologiya İnstitutunun mütəxəssisləri ilə sıx işləyirik.”

Məlumata görə, layihə üzrə tikinti işlərinin 2027-ci ilin ortalarına qədər davam edəcəyi planlaşdırılır. Bu işlərin yerinə yetirilməsində yerli resurslardan maksimum dərəcədə istifadə etməyə xüsusi diqqət veriləcək. Tikintinin pik dövründə layihə üzrə 400-ə yaxın iş yerinin yaradılacağı gözlənilir.