BAKI, 8 oktyabr. TELEQRAF

ABŞ-nin Energetika İnformasiyası Administrasiyası (EIA) 2025-2026-ci illər üçün dünya üzrə neft və digər maye karbohidrogenlərin gündəlik hasilatı ilə bağlı proqnozunu açıqlayıb.

Teleqraf xəbər verir ki, Administrasiya 2025-ci ildə dünyada gündəlik neft hasilatının orta hesabla 105.87 milyon barel səviyyəsində olacağını proqnozlaşdırıb.

EİA-nın proqnozuna görə, cari ildə xam neft hasilatı orta hesabla 78.71 milyon barel/gün olacaq.

2026-cı ildə dünya üzrə gündəlik neft hasilatı 107.17 milyon barel səviyyəsində olacaq. Bu göstəriciyə görə, növbəti il dünyada gündəlik xam neft hasilatı 79.46 milyon barel təşkil edəcək.

EIA-nın hesabatına görə, bu il Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) ölkələri üzrə neft və digər maye karbohidrogenlərin gündəlik hasilatı 2025-ci ildə 33.49 milyon, 2026-cı ildə isə 33.71 milyon olacaq. Bu göstərici OPEC+ ölkələri üzrə 2025-ci ildə gündəlik 43.67 milyon, 2026-cı ildə isə 44.29 milyon barel təşkil edəcək.

Qeyd edək ki, administrasiya 2024-cü ildə neft və digər maye karbohidrogenlərin dünya üzrə hasilatının gündəlik 103.19 milyon barel səviyyəsində olduğunu qeyd edib.