BAKI, 15 sentyabr. TELEQRAF

Dövlət Neft Şirkəti (SOCAR) neft və qazın maya dəyərlərinin artması ilə bağlı səbəbləri açıqlayıb.

Teleqraf şirkətin ötən il üzrə hesabatına istinadən xəbər verir ki, neftin maya dəyərinin artması yanacaq, elektrik enerjisi, əmək haqqı və sosial sığorta, əsas vəsaitlərin amortizasiya, eləcə də nəqliyyat xərclərinin artması hesabına baş verib.

Belə ki, yanacaq xərcləri 108 min manat (4,0%), elektrik enerjisi xərcləri 886 min manat (12,6%), əmək haqqı xərcləri 12185 min manat (8,0%), sosial sığorta xərcləri 2203 min manat (6,4%), əsas vəsaitlərin amortizasiya xərcləri 29419 min manat (15,9%), nəqliyyat xərcləri 15483 min manat (13,9%), digər vergilər 1419 min manat (3,0%), digər xidmətlər üzrə xərclər 14548 min manat (11,8%) və digər xərclər 8752 min manat (27,2%) artıb.

Bildirilib ki, 2024-cü ildə qazın maya dəyərinin artması əsasən 2023-cü ilə nisbətən əmtəəlik qaz hasilatının azalması hesabına baş verib. Ötən il bir əvvəlki ilə nisbətən əmtəəlik qaz hasilatı 700738 min m3 və ya 13,1% az olub.