KİLİS, 2 avqust. TELEQRAF

Biz bu gün tarixi ana şahidlik edirik.

Teleqraf-ın Türkiyənin Kilis şəhərinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu sözləri Azərbaycan qazının Suriyaya nəqli ilə bağlı keçirilən mərasimdə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib.

O, Suriya xalqının həyat səviyyəsini yaxşılaşdırmaq üçün Türkiyə Prezidentinin əməli addımlar atılması istiqamətində tapşırıq verdiyini qeyd edib: "Elektrik tədarükü ilə bağlı araşdırma apardıq. Dekabrda Dəməşqə 2 heyət göndərildi. Enerji təchizatı ilə bağlı təkliflər verdik. Nəticədə, müqavilə imzalandı. Biz, bu gün tarixi ana şahidlik edirik".

A.Bayraktar bildirdi ki, Azərbaycan qazının Suriyaya ixracı ilə bağlı svop müqaviləsi bağlanıb: "İldə Suriyaya 2 milyard kubmetr qaz ötürülməsi planlaşdırılır. Qeyd edim ki, bu layihəyə maliyyə dəstəyi Qətər dövləti tərəfindən təmin edilib. Bu layihə vasitəsilə 6 milyon suriyalı eletrik enerjisinə çıxış imkanı əldə edəcək".