BAKI, 20 avqust. TELEQRAF
Hörmüz boğazının qlobal enerji daşımalarındakı əhəmiyyəti yeni neft kəmərlərinin tikintisi fonunda azala bilər.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə söhbəti zamanı deyib.
Neftin qiymətindən danışan Tramp bildirib ki, ABŞ-nin İranla müharibə aparmasına baxmayaraq, hazırda neftin bir barelinin qiyməti 84-85 dollar civarındadır. Onun sözlərinə görə, buna səbəblərdən biri böyük həcmdə neftin Hörmüz boğazından daşınmasıdır.
“Bununla yanaşı, insanlar əvvəllər düşünmədikləri alternativ variantlar tapıblar – Texasda, Alyaskada, Luizianada və enerji ehtiyatlarının hasil edildiyi digər ərazilərdə. Eyni zamanda rekord sayda boru kəməri tikilir”, - ABŞ Prezidenti bildirib.
Tramp hesab edir ki, alternativ enerji marşrutlarının genişləndirilməsi Hörmüz boğazının strateji roluna təsir göstərəcək.
“Buna görə düşünürəm ki, Hörmüz boğazı əvvəlki qədər əhəmiyyətli olmayacaq”, - Tramp vurğulayıb.