BAKI, 20 avqust. TELEQRAF

ABŞ Silahlı Qüvvələri İran hakimiyyəti ilə razılaşdırmadan Hörmüz boğazı vasitəsilə milyonlarla barel neftin daşınması üçün gizli dəhliz təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə “Axios” mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, hər gün 15-20 tanker Oman sahilləri boyunca boğazın cənub kanalından keçir. Bu marşrutla Yaxın Şərqdən gündə təxminən 10 milyon barel neft ixrac olunur. Bildirilir ki, bu göstərici müharibədən əvvəlki səviyyənin təxminən yarısına bərabərdir.

“Biz artıq iki aydır Hörmüzün cənub hissəsinə nəzarət edirik. İslam İnqilabı Keşikçiləri Korpusu müəyyən problemlər yarada bilər, amma boğaza onlar nəzarət etmir. Bunu biz edirik”, - əməliyyat barədə məlumatlı mənbə “Axios”a bildirib.

Portalın məlumatına əsasən, ABŞ Silahlı Qüvvələrinin xüsusi koordinasiya qrupu əməliyyatı Vaşinqtonun Yaxın Şərqdəki tərəfdaşları ilə birgə həyata keçirir. Qrup hər gün Hörmüz boğazından keçməsi planlaşdırılan gəmilərin siyahısını hazırlayır.

Bildirilir ki, gəmilərin hərəkəti gecə saatlarında ABŞ Hərbi Hava Qüvvələrinin qırıcılarının müşayiəti ilə həyata keçirilir.

ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. İyun ayında Vaşinqton və Tehran bütün cəbhələrdə hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıb. Lakin iyulun 8-də ABŞ İranı Hörmüz boğazı ilə bağlı razılaşmaları pozmaqda ittiham edərək genişmiqyaslı zərbələri bərpa edib.