BAKI, 20 avqust. TELEQRAF

İsrail Suriyada ölkə üçün təhdid yaradan Türkiyə hərbi qüvvələrinin mövcudluğuna imkan verməyəcək.

Teleqraf xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib. Onun açıqlamasını Baş nazirin dəftərxanası yayıb.

“Biz Suriyada İsraili təhdid edən Türkiyə hərbi mövcudluğuna dözməyəcəyik”, - Netanyahu bildirib.

İsrailin Baş naziri qeyd edib ki, bununla bağlı qarşı tərəfə əvvəlcədən xəbərdarlıq edilib:

“Mesajımızı aydın şəkildə çatdırdıq: bunu etməyin. Görünür, bizi kifayət qədər yaxşı eşitməyiblər. Buna görə də mesajımızın daha yaxşı başa düşülməsini təmin etdik”.

Bundan əvvəl Netanyahu dəftərxanası Suriyanın ölkənin şimalındakı aviabazada Türkiyə hərbçilərinin yerləşdirilməsinə imkan verməklə İsraillə təhlükəsizlik sahəsində mövcud status-kvonu pozmağa yaxın olduğunu bildirmişdi.

“Syria TV” telekanalının məlumatına görə, avqustun 18-də İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr İdlib əyalətindəki hərbi aerodroma zərbələr endirib. Hücum nəticəsində maddi ziyanın dəydiyi bildirilir.

İlkin mənbə: İsrail Baş nazirinin dəftərxanası.