BAKI, 31 mart. TELEQRAF
ABŞ-nin "JP Morgan" bankı hesab edir ki, Hörmüz boğazının bir ay müddətinə faktiki bağlanması neft bazarında kəskin bahalaşmaya səbəb ola bilər.
Teleqraf xəbər verir ki, bu barədə bankın baş iqtisadçısı Bryus Kasman açıqlama verib.
Onun sözlərinə görə, belə bir ssenari baş verərsə, "Brent" markalı neftin qiyməti bir barel üçün 150 dollara qədər yüksələ bilər. Bryus Kasmanın fikirlərini “The Times” qəzeti sitat gətirib. O bildirib ki, boğazın daha bir ay bağlı qalması sənaye istehlakçıları üçün elektrik enerjisinin təchizatında da çətinliklər yarada bilər.
Qeyd edək ki, martın 30-da Londonun "ICE" birjasında 2026-cı ilin iyun ayı üçün "Brent" markalı neft fyuçerslərinin qiyməti ilk dəfə olaraq 19 martdan sonra 115 dolları keçib. Daha sonra isə qiymət 112,78 dollar səviyyəsinə qədər geriləyib.