BAKI, 29 mart. TELEQRAF

Buxarestdən havaya qalxan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus yanacaqdaşıyan təyyarə mümkün fövqəladə vəziyyət səbəbindən geri dönüb.

Teleqraf xəbər verir ki, bu barədə TASS-a aviadispetçer dairələrindəki mənbə məlumat verib.

Məlumata görə, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "Boeing KC-135R" Stratotanker tipli təyyarə təxminən bir saat əvvəl Buxarest hava limanından havaya qalxıb. Təyyarə Yunan hava məkanında olarkən qəfil istiqamətini dəyişərək geri qayıdıb və mümkün fövqəladə vəziyyətlə bağlı siqnal ötürüb.

Mənbə bildirib ki, təyyarədə yaranmış ehtimal olunan nasazlığın səbəbi və onun ilkin marşrutu açıqlanmayıb. Hazırda isə təyyarə yenidən Buxarest yaxınlığında müşahidə olunur.

Qeyd olunub ki, bu təyyarə ilk uçuşunu təxminən 65 il əvvəl həyata keçirib. Həmçinin qlobal aviasiya trafikinə nəzarət edən onlayn sistemlər də ekipajın fövqəladə vəziyyəti bildirən “7700” kodunu ötürdüyünü qeydə alıb.