BAKI, 15 mart. TELEQRAF
Yaxın Şərq regionu Fars körfəzindəki münaqişə fonunda tarixi dönüş nöqtəsi ilə üz-üzədir.
Teleqraf xəbər verir ki, bunu Misir prezidenti Əbdülfəttah əs-Sisi bildirib.
Onun sözlərinə görə, bölgədəki gərginliyin iqtisadi və sosial sahələrdə ağır nəticələri bütün region ölkələrinə təsir göstərə bilər.
“Regionumuz bu gün tarixi bir məqam yaşayır və yol ayrıcındadır. Fars körfəzində müharibə alovunu söndürmək üçün bütün səylərimizi göstəririk, çünki onun dağıdıcı nəticələri iqtisadi və sosial sahələrdə hamımıza təsir edəcək”, – deyə Misir liderinin sözlərini onun administrasiyası sitat gətirib.
Əs-Sisi vurğulayıb ki, Qahirə ərəb ölkələrinə qarşı hər hansı təcavüzü qəti şəkildə pisləyir və tərəfləri mübahisələri diplomatiya və dialoq yolu ilə həll etməyə çağırır.
Misir prezidenti həmçinin ölkə vətəndaşlarını 2010-2011-ci illərin hadisələrini təkrarlamamağa çağırıb. Onun sözlərinə görə, həmin dövrdə Misir ciddi itkilərlə üzləşmişdi.
“Yaxın Şərq dəyişir və səhv addımlar atılarsa, bəzi ölkələr yoxa çıxa bilər. Buna görə də ayıq-sayıq olmaq lazımdır”, – deyə Sisi bildirib.