BAKI, 18 fevral. TELEQRAF

Fransada Derankın öldürülməsi ilə bağlı qətl işi açıldıqdan sonra ifrat solçu “Tabe Olmayan Fransa” (LFI) partiyasına münasibətdə tənqidlər güclənib, ifrat sağ isə özünü siyasi zorakılığın “qurbanı” kimi təqdim etməyə çalışır.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

LFI lideri Jan-Lük Melanşon sosial şəbəkələrdə çıxış edərək sakitliyə çağırıb: “Gəlin, qanunu öz əlimizə almağa təhriki körükləməyək”.

Lion şəhərinin prokuroru Tyerri Dran isə bazar ertəsi Derankın öldürülməsi ilə bağlı qətl işi üzrə istintaqın başladığını açıqlayıb. Bu hadisə LFI ünvanına genişmiqyaslı qınaqlara səbəb olub.

İfrat sağçı “Milli Birlik” partiyasının sədri Jordan Bardella bəyan edib ki, Melanşon “Milli Assambleyanın qapılarını guya qatillərin üzünə açıb”. Derankın öldürülməsindən sonra Fransa Prezidenti Emmanuel Makron da ictimaiyyəti sakitliyə çağırıb.

Baş verənlər Fransada siyasi düşərgələr arasında gərginliyi daha da artırıb və zorakılıqla bağlı ritorikanın sərtləşməsi cəmiyyətdə narahatlıq doğurur.