BAKI, 11 fevral. TELEQRAF
ABŞ Hərbi Hava Qüvvələri Meksika ilə sərhəd zolağının 300 kilometrdən çox hissəsində patrul xidməti təşkil edib.
Teleqraf xəbər verir ki, bu barədə "Defense One" saytı məlumat yayıb. ABŞ Hərbi Hava Qüvvələri Rio Qrande çayı boyunca təxminən 306 kilometrlik Texas sərhədi üzərində nəzarəti təmin edib. Bu addım ABŞ hakimiyyətinə qanunsuz immiqrantlara qarşı hərbi güc tətbiqini genişləndirməyə və onlar üçün cəzaları sərtləşdirməyə imkan verəcək. Belə hərbi nəzarət zonalarının yaradılması ərazini hərbi bazaya çevirir və onlara orada sərbəst şəkildə patrul xidməti göstərməyə imkan verir. Bundan əlavə, potensial qayda pozanlar hərbi obyektə qanunsuz daxil olmaqda ittiham oluna bilərlər.
Portal qeyd edir ki, 2025-ci ilin aprel ayından bəri ABŞ hakimiyyəti Meksika sərhədi boyunca Arizona, Kaliforniya, Nyu Meksiko və Texasda oxşar zonalar yaradıb.
ABŞ-nin hazırkı administrasiyası daha öncə ölkəyə təxminən 25 milyon insanın qanunsuz daxil olduğunu bildirib. 2025-ci ildə ABŞ-Meksika sərhədində fövqəladə vəziyyət elan edilib.