BAKI, 2 fevral. TELEQRAF

“Mən Ceffri Epşteynlə dost olmamışam. Əksinə Epşteyn Maykl Volf adlı səfil, yalançı bir müəlliflə mənə qarşı əlbir olub”.

Teleqraf xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp öz “Truth” hesabında yazıb.

Tramp ona qarşı kampaniya aparan radikal solçuları məhkəməyə verəcəyini bildirib.

“Bundan əlavə, boş-boş danışmağı sevən bir çox insanlardan fərqli olaraq, mən o iyrənc "Epşteyn adası"na heç vaxt getməmişəm. Amma korrupsiyalaşmış demokratların, demək olar ki, hamısı orada olub”, - Tramp qeyd edib.

Xatırladaq ki, Ceffri Epşteyn cinsi istismar, pedofiliya və fahişəlik şəbəkəsi yaratmaq ittihamları ilə həbs olunmuş və daha sonra həbsxanada ölü tapılmışdı. Bir neçə gün əvvəl ABŞ Ədliyyə Nazirliyi “Epşteyn işi” ilə bağlı genişmiqyaslı arxiv məlumatlarını ictimaiyyətə açıqlayıb.

“The New York Times” (NYT) faylları təhlil etdikdən sonra, onlardan 5300-də ABŞ Prezidenti Donald Trampa 38000-dən çox istinad, habelə onunla əlaqəli şəxslər və terminlər tapıb.