BAKI, 28 yanvar. TELEQRAF
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Strasburqda Avropa Şurasının Baş katibi Alen Berse ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı Avropa Şurası çərçivəsində əməkdaşlığın gündəlikdə olan məsələləri müzakirə edilib.
Tərəflər Ermənistanın Avropa Şurasında fəal iştirakının, təşkilatın konvensiyalarına ardıcıl qoşulmasının və onların icrasının ölkənin demokratik dəyərlərə və islahatlara sadiqliyini nümayiş etdirdiyini vurğulayıblar.
Ararat Mirzoyan Ermənistanın demokratik inkişaf yolu çərçivəsində beynəlxalq qurumlarla, o cümlədən Avropa Şurası və Avropa İttifaqı ilə əməkdaşlığa yüksək qiymət verdiyini qeyd edib. Bu kontekstdə hibrid təhdidlərə, dezinformasiyaya qarşı mübarizə mexanizmlərinin inkişafı və effektiv tətbiqi məsələlərinə də toxunulub.
Qeyd edilib ki, görüşdə Cənubi Qafqazdakı proseslər ətrafında da fikir mübadiləsi aparılıb. A. Mirzoyan regionda sülhün davamlı şəkildə institusionallaşdırılması ilə bağlı Ermənistanın yanaşmalarını təqdim edib.
Həmçinin, qarşıdakı tədbirlər, o cümlədən may ayında İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin 8-ci Zirvə toplantısında Avropa Şurasının Baş katibinin iştirakı məsələsi də müzakirə olunub.