BAKI, 24 yanvar. TELEQRAF
Qazaxıstanda vitse-prezident vəzifəsinə namizəd ölkədə ikinci şəxs statusu alacaq.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin Konstitusiya Komissiyasının üzvü və prezidentin hüquqi məsələlər üzrə köməkçisi Yercan Cienbayev komissiyanın ilk iclasında deyib.
O bildirib ki, namizəd eyni zamanda səlahiyyətləri vaxtından əvvəl başa çatdığı təqdirdə prezidentin vəzifələrini icra edəcək.
O əlavə edib ki, təkpalatlı parlamentin rəhbəri isə hakimiyyət sistemində üçüncü şəxs kimi müəyyənləşdiriləcək:
“Təklif olunur ki, prezidentin səlahiyyətləri vaxtından əvvəl başa çatdığı halda vəzifə birinci növbədə vitse-prezidentə ötürülsün. Vitse-prezident bu vəzifəni icra edə bilmədiyi halda səlahiyyətlər Qurultay (təklif olunan təkpalatlı parlamentin adı) sədri tərəfindən həyata keçirilsin, Qurultay sədri də bunu edə bilmədiyi halda isə vəzifələr baş nazirə keçsin”.
Qeyd edək ki, Qazaxıstanın hazırkı konstitusiyasına görə, prezidentin səlahiyyətləri vaxtından əvvəl başa çatdığı halda dövlət başçısının vəzifələrini əvvəlcə Senat (yuxarı palata) spikeri, sonra Məclis (aşağı palata) spikeri, daha sonra isə baş nazir icra edir.