BAKI, 13 mart. TELEQRAF
Niderland və İslandiya Qəzza zolağında soyqırımı konvensiyasının pozulması ilə bağlı Cənubi Afrikanın İsrailə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesinə qoşulmaq üçün müraciət ediblər.
Teleqraf xəbər verir ki, bu barədə BMT-nin Beynəlxalq Məhkəməsinin yaydığı press-relizdə bildirilib.
Məlumata görə, hər iki ölkə martın 11-də məhkəməyə müvafiq bəyanat təqdim edib. Bu addım məhkəmənin statutunun 63-cü maddəsinə əsaslanır və həmin maddə dövlətlərə konvensiyanın şərhi ilə bağlı işlərdə prosesə qoşulmağa imkan verir.
Qeyd olunur ki, əgər bir dövlət bu maddə əsasında prosesə qoşularsa, məhkəmənin yekun qərarında konvensiya ilə bağlı verilən şərh həmin dövlət üçün də hüquqi baxımdan məcburi olacaq.
Prosedura uyğun olaraq, məhkəmə mübahisə tərəfləri olan Cənubi Afrika Respublikası və İsraildən təqdim edilən müraciətlərlə bağlı yazılı mövqe bildirməyi xahiş edib.
Xatırladaq ki, Cənubi Afrika Respublikası İsrailə qarşı iddianı 29 dekabr 2023-cü ildə qaldırıb.