BAKI, 17 yanvar. TELEQRAF
Mali hökuməti "Jeune Afrique" jurnalının ölkə ərazisində yayımını və satışını qadağan edib.
Teleqraf xəbər verir ki, bu barədə Malinin Ərazi İdarəetməsi və Desentralizasiya Nazirliyinin yaydığı rəsmi qərarda bildirilib.
Qərara əsasən, "Jeune Afrique" jurnalının bütün formalarda yayımı, ötürülməsi və satışı ölkə üzrə tam qadağan olunur. Hakimiyyət orqanları nəşri terrorizmi təbliğ etməkdə, böhtan atmaqda, həmçinin Malidə benzin və dizel tədarükü ilə bağlı vəziyyətə dair yalan və təxribat xarakterli ittihamlar irəli sürməkdə günahlandırıb.
Məlumata görə, jurnal ötən cümə axşamı saytında Malidə yanacaq bazarındakı vəziyyəti böhranlı kimi təqdim edən və hökumətin bu sahədə gördüyü tədbirlərin effektivliyini şübhə altına alan məqalə dərc edib. Bildirilir ki, artıq beşinci aydır terrorçu qruplaşmalar şəhərlərə benzin və dizel tədarük yollarını kəsməyə çalışır. Bu səbəbdən hökumət yanacaq daşıyan kolonların mühafizəsinə ordu bölmələrini cəlb edib.
Qeyd edək ki, fransız dilində nəşr olunan "Jeune Afrique" jurnalı 1960-cı ildə təsis edilib və baş ofisi Parisdə yerləşir.