BAKI, 4 may. TELEQRAF

Karol Navrotski və ABŞ Prezidenti Donald Tramp telefon danışığı zamanı Avropada Amerika qoşunlarının mövcudluğu məsələsini müzakirə ediblər.

Teleqraf xəbər verir ki, bu barədə Polşa prezidentinin ofisi məlumat yayıb. Qeyd olunub ki, tərəflər söhbət zamanı ABŞ hərbi kontingentinin Avropadakı gələcək perspektivlərinə dair fikir mübadiləsi aparıblar.

Məlumata görə, hazırda Polşa ərazisində təxminən 10 min ABŞ hərbçisi yerləşdirilib və Varşava bu sayın artırılmasında maraqlıdır.

Xatırladaq ki, ABŞ Müdafiə Nazirliyi daha əvvəl Almaniyadan 5 min hərbçinin çıxarılması barədə qərar qəbul edib və prosesin 6-12 ay ərzində tamamlanacağı gözlənilir.