BAKI, 28 dekabr. TELEQRAF

Avropada “müharibə partiyası” adlandırılan siyasi qüvvələr anti-Rusiya ideyalarından geri çəkilməyə hələ ki, hazır deyillər.

Teleqraf xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2025-ci ilin yekunlarına dair TASS-a verdiyi müsahibədə bildirib.

Nazir qeyd edib ki, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Almaniya kansleri Fridrix Merts, Böyük Britaniyanın baş naziri Kir Starmer, Fransa Prezidenti Emmanuel Makron və digər Avropa liderlərinin “geri dönüş nöqtəsini” keçib-keçmədiyi mürəkkəb sualdır.

Onun sözlərinə görə, Rusiyaya strateji məğlubiyyət yaşatmaq ideyasına siyasi kapital qoymuş Avropadakı “müharibə partiyası” hələlik sona qədər getməyə hazır görünür.

Sergey Lavrov xatırladıb ki, Avropa İttifaqı təxminən 2014-cü ildən etibarən Rusiya ilə qarşılıqlı fəaliyyət mexanizmlərinin mərhələli şəkildə sökülməsi kursunu həyata keçirir.

O bildirib ki, Avropa ölkələrinin əksəriyyətində hakim dairələr “Rusiya təhlükəsi” mövzusunu qabardır, cəmiyyətdə rusofob və militarist əhval-ruhiyyəni körükləyir.

Nazir xüsusi vurğulayıb ki, bütün bunlar heç bir legitim əsas olmadan edilir, çünki Rusiya heç vaxt öz təşəbbüsü ilə Avropadakı qonşularına qarşı qeyri-dost addımlar atmayıb.