BAKI, 11 dekabr. TELEQRAF
Ermənistan nə vaxtsa Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında seçim etməli olacaq.
Teleqraf xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, hər iki ittifaqda eyni vaxtda qalmaq mümkün deyil.
"Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşmasına gəlincə, biz bu barədə dəfələrlə danışmışıq. Hesab edirik ki, eyni zamanda iki inteqrasiya blokuna üzvlük bir araya sığmır. Nə vaxtsa Ermənistan xalqı seçim etməli olacaq", - o deyib.
Onun sözlərinə görə, ümumilikdə Ermənistan və Rusiya arasında yaxşı münasibətlər var, lakin 2025-ci ildə ölkələr arasında ticarət əhəmiyyətli dərəcədə azalıb.
"Bu il biz Ermənistanla iqtisadi ticarətin azalmasının şahidi olduq. Keçən il ölkələrimiz arasında ticarət dövriyyəsi 12,4 milyard dollar təşkil edib. Bu il yəqin ki, təxminən 6 milyard dollar təşkil edəcək. Bu, çox nəzərəçarpan azalmadır", - Baş nazirin müavini vurğulayıb .