BAKI, 13 oktyabr. TELEQRAF
Rusiyada yüz minlərlə qeyri-qanuni miqrant deportasiya ediləcək.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib.
Onun sözlərinə görə, sentyabrın 10-da bəzi xarici vətəndaşların ölkədə qalma müddəti başa çatıb və onların məlumatları qanunsuz miqrantlar reyestrinə daxil edilib.
"Bu reyestrdə 770 min nəfər qeydiyyata alınıb. Həmin şəxslərə qarşı deportasiya rejimi tətbiq olunub və bu rejim onlara bir sıra məhdudiyyətlər qoyur - sürücülük vəsiqəsi almaq, əmlak və nəqliyyatla əməliyyat aparmaq, nikah bağlamaq, bank hesabı açmaq və pul köçürmək qadağandır. Rusiya ərazisində qanunsuz yaşayan hər kəs ölkəni tərk etməlidir. Qanunu pozanlar məcburi deportasiya ediləcək, cərimələnəcək və 5 il müddətinə ölkəyə giriş qadağan olunacaq", - Vyaçeslav Volodin qeyd edib.