BAKI, 9 may. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.
Teleqraf UNİAN-a istinadən xəbər verir ki, Zelenski “Telegram” kanalında etdiyi paylaşımda Trampla "yaxşı söhbət" apardıqlarını yazıb.
"Xalqlarımızı Avropada qələbə günü - nasizm üzərində qələbə münasibətilə təbrik etdik. Ali Radanın iqtisadi tərəfdaşlıq haqqında sazişi - əməkdaşlıq üçün bir çox yeni imkanlar açan, həqiqətən, tarixi sənədi ratifikasiya etməsini alqışladıq. Sülh naminə daha çox səy göstərilməsin zəruriliyini, xüsusilə də, atıla biləcək konkret addımları müzakirə etdik", - Zelenski bildirib.
Onun sözlərinə görə, Tramp cəbhədəki vəziyyətlə maraqlanıb. Ukrayna Prezidenti həmçinin ölkəsinin "bu gündən başlayaraq" 30 günlük atəşkəsə hazır olduğunu yazıb.
"Rusiyanın bu təklifi qəbul etməsini gözləyirik. Mən həmçinin Ukraynanın istənilən formatda danışıqlara hazır olduğunu təsdiq etdim. Lakin bunun üçün Rusiya tam və qeyd-şərtsiz atəşkəsdən başlamaqla, müharibəni bitirmək niyyətinin ciddiliyini göstərməlidir. Prezident Tramp bu müharibənin bitməsini istədiyini, kömək etməyə hazır olduğunu və atəşkəsin vacibliyini dəstəklədiyini təsdiqlədi", - Volodimir Zelenski qeyd edib.