
BAKI. 5 aprel. TELEQRAF
Rusiya Federasiyası ilə Ukrayna arasında istənilən sülh sazişini qəbul etmək çətin olacaq, lakin bu, döyüşləri davam etdirməkdən daha yaxşıdır.
Teleqraf "Anadolu Agentliyi"nə istinadən xəbər verir ki, bu fikri Brüsseldə xarici işlər nazirlərinin görüşündə iştirak edən Türkiyənin xarici işlər naziri Hakan Fidan "Reuters" agentliyinə müsahibəsində bildirib. O qeyd edib ki, Ankara Amerikanın atəşkəs təklifini dəstəkləyir, lakin Kiyev və Moskva istənilən razılaşmadan “bir az uzaqdırlar”:
"Hər hansı bir təklifi qəbul etmək son dərəcə çətin olacaq. Amma ölüm və dağıntılara baxanda, düşünürəm ki, istənilən sülh variantı daha yaxşıdır.
Avropa təkbaşına Ukraynaya təhlükəsizlik zəmanəti verə bilməyəcək, ona görə də onlar indi Vaşinqtonu onun təhlükəsizliyini dəstəkləməkdə iştirak etməyə məcbur etmək üçün böyük səylər göstərirlər" - Hakan Fidan bildirib.
Xatırladaq ki, bir müddət əvvəl NATO-da ikinci ən böyük ordusuna malik Türkiyə potensial sülhməramlı missiyanın bir hissəsi kimi Ukraynaya qoşun göndərilməsini mümkün saymışdı.
Prezident Rəcəb Tayyib Ərdoğan Ankarada həm Ukrayna Prezidenti Volodimir Zelenski, həm də Rusiyanın xarici işlər naziri Sergey Lavrovla bu məsələni müzakirə edib.