
BAKI, 20 mart. TELEQRAF
Qərb şirkətləri üçün Rusiyaya qayıtmaq çətin olacaq.
Teleqraf xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev TASS-a müsahibəsində bildirib.
Onun sözlərinə görə, Qərb şirkətləri Rusiya bazarını Moskvanın təşəbbüsü ilə tərk etməyib, onlar ya hökumətlərinin təzyiqi altında, ya da neonasistlərlə həmrəy olduqları üçün belə bir addım atıblar.
"Biz heç kimi qovmadıq - onlar özləri getdilər. Kimisi hökumətlərinin təzyiqi altında, kimisi qorxudan, kimisi də neonasistlərlə həmrəylik nümayiş etdirmək üçün", - deyə Medvedev vurğulayıb.
O əlavə edib ki, indiyə qədər heç bir şirkət Rusiyaya qayıtmaq üçün rəsmi müraciət etməyib. Bununla belə, bəzi brendlər bazara yenidən daxil olma imkanlarını araşdırır.
Rusiya Prezidenti Vladimir Putin isə daha əvvəl Qərb şirkətlərinin ölkəyə geri qayıtmaq ehtimalını dəyərləndirərək bildirmişdi ki, bir çoxları geri dönmək istəyir, lakin prioritet yerli istehsalçılara verilməlidir.