İyunun 27-də Brüsseldə Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat – GUAM-a üzv olan 3 ölkə – Gürcüstan, Ukrayna və Moldova Avropa İttifaqı ilə assosiativ üzvlük barədə sazişi imzalayıblar. Teleqraf.com bildirir ki, GUAM-ın 4 üzvü var və onlardan yalnız Azərbaycan sözügedən sənədi imzalamayıb. Bu isə bir sıra suallara yol açır. Məsələn, hesab olunur ki, etnik separatizm və işğaldan əziyyət çəkən GUAM üzvü olan 4 ölkədən sazişi imzalamış 3 ölkə Avropa İttifaqından ərazi bütövlüyü, ərazilərin işğaldan azad edilməsi, konfliktlərin həlli məsələsində daha güclü dəstək alacaq. Azərbaycan isə assosiasiya sazişini imzalamamaqla belə bir avantajı əldən buraxıb.
“Ukrayna elə bu sazişin qurbanı oldu”
Ancaq Dövlət İdarəçilik Akademiyasının Geosiyasi Araşdırmalar İnstitutunun direktoru, Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr komissiyasının katibi, politoloq Elman Nəsirli bu fikirlərlə razılaşmır. E.Nəsirli Teleqraf.com-a açıqlamasında deyib ki, bu yanaşma çox qüsurlu yanaşmadır və real vəziyyətə adekvat deyil. O qeyd edib ki, məhz Aİ ilə əlaqələri genişləndirmək siyasəti öz-özlüyündə Ukrayna böhranını şərtləndirib: “Ukraynanın Avropa İttifaqı ilə məlum sənədləri – assosiativ sazişi və azad ticarət zonası ilə bağlı sənədləri imzalamaq niyyəti nəticə etibarilə Ukraynanın ərazi bütövlüyünün pozulmasına və Krımın itirilməsinə gətirib çıxarıb. Həm Avropa İttifaqı rəhbərliyi, həm də Birləşmiş Ştatlar dəfələrlə açıq şəkildə qeyd ediblər ki, Krım məsələsi ilə bağlı onların Rusiya ilə mühasibə etmək niyyətləri yoxdur. Diplomatik danışıqlar yolu ilə isə Rusiyanın Krımı qaytaracağı dəryada balıq sevdasıdır”.
“Gürcüstan və Moldovaya görə heç kim Rusiya ilə müharibə etməyəcək”
Gürcüstan və Moldova məsələsinə gəldikdə isə, E.Nəsirli “Gürcüstan Cənubi Osetiya və Abxaziyanı necə geri qaytara bilər” deyə sual edib: “Rusiya ilə müharibə etmək yolu iləmi? Əsla yox. Çünki qüvvələr nisbətində çox güclü asimmetriya var – bu, mümkün deyil. O zaman Gürcüstan yəqin ki, Avropa İttifaqının köməyinə arxalanır. Yəni, Avropa İttifaqının və ABŞ-ın dəstəyi, köməyi ilə torpaqları geri qaytarsın. Amma yenə deyirəm, ABŞ və Avropa İttifaqının çox böyük nüvə dövləti olan Rusiya ilə müharibə etmək niyyəti yoxdur. Bu, aksiomadır”.
“Rusiya ABŞ-ı, ABŞ da Rusiyanı məhv edə bilər”
Politoloq bildirib ki, Aİ-yə inteqrasiya nəticə etibarilə Gürcüstanın, Ukraynanın və Moldovanın gələcəkdə müəyyən mənada iqtisadi imkanlarının artmasına, iqtisadi potensialının güclənməsinə gətirib çıxara bilər: “Amma bu gücün hesabına onların işğal olunmuş torpaqları Rusiyadan zorla geri alacaqları yanaşması düzgün deyil. Ona görə mən qətiyyən belə hesab etmirəm ki, Ukrayna, Moldova və Gürcüstanın Avropa İttifaqı ilə əlaqələri genişləndirməsi və məlum sənədi imzalaması avtomatik olaraq ərazi bütövlüyü probleminin həllinə gətirib çıxaracaq. Çünki qeyd etdiyim kimi Rusiya amili var və Qərb bu amili hər zaman nəzərə alır. Nəzərə alsaq ki, Rusiya ABŞ-a qarşı qitələrarası ballistik raketləri tuşlayan yeganə dövlətdir. Həmçinin, Rusiya yeganə dövlətdir ki, Rusiya bu silahlarla ABŞ-ı tamamilə məhv edə bilər. Baxmayaraq ki, qısa bir müddət sonra analoji taleyi özü yaşaya bilər”.
“Bizə təkamül yolu lazımdır”
E.Nəsirli inteqrasiya proseslərində ən düzgün yol seçən Azərbaycan dövlətidir: “Biz öz siyasətimizdə inqilabi yanaşmalardan yayınırıq. İnqilabi yanaşmalar bizə lazım deyil. Bizə təkamül yolu lazımdır. Ölkə prezidentinin müəyyən etdiyi xətt buna xidmət edir. Biz inteqrasiyada maraqlı tərəfik, inteqrasiyanı genişləndirmək xəttinə sadiqik. Amma bunu mərhələli şəkildə – tələsmədən, hər şeyi öz zamanında, öz vaxtında həyata keçirməliyik. Azərbaycan dövləti yaranmış yeni vəziyyətdən maksimum faydalanmalıdır. Elə etmək lazımdır ki, ölkəmiz əlavə təzyiqlərin ünvanına çevrilməsin. Bunun üçün Azərbaycan özünün manevr qabiliyyətini qoruyub saxlayır və bu gün ölkəmiz həmin siyasət nəticəsində Avropa İttifaqı üçün əhəmiyyətli tərəfdaşa çevrilib. Eyni zamanda Azərbaycan Rusiya ilə çox sıx, intensiv əlaqələr qura bilib. Yəni, balanslı, tarazlı, çevik siyasət bu siyasətdir və Azərbaycan da həmin siyasətə sadiqdir”.
Səxavət