BAKI, 1 iyul. TELEQRAF
“Nəqliyyat və logistika sektorundakı dinamikanın son dərəcə ümidverici olduğunu deyə bilərəm. Xüsusən də Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq yükdaşımalarının həcmi baxımından ən sürətlə artan göstəricilərdən birini nümayiş etdirir”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Tbilisidə keçirilən Gürcüstan-Özbəkistan Biznes Forumundakı çıxışında bildirib.
“Xüsusilə həm konteyner, həm də toplu yüklərin daşınmasını vurğulamaq istərdim, buna hazır olmalıyıq. Özbəkistan, Qazaxıstan və Azərbaycanın inkişaf etdiyini görməli, bunu nəzərə almalı və hazır olmalıyıq, biz tərəfdaş ölkələrlə birlikdə böyüyürük.
Məhz buna görə də əsas infrastrukturumuza indidən investisiya yatırmağa başlamağımız son dərəcə vacibdir. Məqsəd odur ki, siz – biznes nümayəndələri daha çox yük daşıya, daha geniş logistika infrastrukturu yarada və həm mövcud əməliyyat imkanları, həm də yeni infrastruktur çərçivəsində daha böyük gücə malik olasınız. Bütün bunlar regionumuzun, ümumilikdə Orta Dəhlizin təkcə ən rəqabətqabiliyyətli marşrutlardan birinə deyil, həm də əsas və ən etibarlı nəqliyyat dəhlizinə çevrilməsi üçün həyata keçirilir”, - Kvrivişvili vurğulayıb.