BAKI, 21 may. TELEQRAF

“Başladığımız mübarizəni sona çatdıracağıq, vəziyyət tezliklə dəyişəcək”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili deyib.

“Mübarizənin ön cəbhəsindəyik, Gürcüstan bunun öhdəsindən gələcək. Gürcüstanın taleyi elədir ki, hər şey ilk dəfə burada baş verir. Mübarizəmizi sona qədər aparacağıq. Bu, gürcü xalqının taleyinə yazılıb”, - o bildirib.

Mixeil Saakaşvili altı il əvvəl Ukraynadan Gürcüstana qayıdışına da diqqət çəkib:

“Ətrafımda Rusiya agenturası var idi. Biri 2020-ci ildə mənə geri qayıtmağımı deyirdi, koordinatlarımı İvanişvili rejiminə ötürmüşdü. Mən gələndə qarşılamalı idi, amma gəlmədi və bütün məlumatlarımı ötürdü. Sonra başqa təxribatlarda iştirak etdi. Xəyanət olub və olacaq, əsas odur ki, məqsədimizə nail olaq”.

Gürcüstanın sabiq prezidenti birlik çağırışı edib və müxalifətin 26 may aksiyasını dəstəklədiyini vurğulayıb:

“Əminəm ki, vəziyyət tezliklə dəyişəcək. Sizi birliyə çağırıram, 26 may aksiyasını dəstəkləyirəm. Çox olduğumuzu göstərməliyik. Toplaşıb-dağılışmaqla və “sizə nə vaxt yenə yığışacağınızı deyəcəyik” deməklə iş alınmır. Axıra qədər getmək lazımdır. Xalqın hesabına Avropada lovğa-lovğa gəzməyə ehtiyacımız yoxdur. Bu insanlar Gürcüstanın hesabına karyera qurublar”.