BAKI, 13 yanvar. TELEQRAF
Ermənistan müdafiə naziri Suren Papikyan Sünik bölgəsində (Qərbi Zəngəzur) yerləşən mövqedə Azərbaycan hərbçilərinin erməni hərbçilərini yoxlaması barədə məlumatları təkzib edib.
Teleqraf xəbər verir ki, bu barədə o, brifinqdə bildirib.
Müdafiə nazirinin sözlərinə görə, göl yaxınlığındakı mövqeyə qalxan erməni əsgərlər Azərbaycan ordusunun postunun yanından keçirlər.
Suren Papikyan vəziyyəti şərh edərkən qeyd edib ki, söhbət Qaragöl ətrafındakı mövqedən gedir:
“Bu iddia həqiqəti əks etdirmir. Həmin ərazidə hansısa insident qeydə alınmayıb”.
Ermənistan Hərbi-Sənaye Komitəsinin keçmiş sədri Avetik Çələbyan bundan əvvəl söyləmişdi ki, Azərbaycan hərbçiləri Qərbi Zəngəzurdakı bir mövqedə erməni əsgərlərini yoxlayıb və əraziyə silah-sursatın gətirilməsini məhdudlaşdırıb.