BAKI, 11 dekabr. TELEQRAF
Ləğv edilmiş separatçı rejimin İrəvandakı ofisində Ermənistan İstintaq Komitəsi tərəfindən aparılan axtarış həbsdə olan rusiyalı iş adamı Samvel Karapetyanın işi ilə bağlı ola bilər.
Teleqraf xəbər verir ki, bu barədə separatçıların vəkili Roman Yeritsyan bildirib.
“Məhkəmənin axtarış qərarında Karapetyanın işinə istinad olunub. Bundan belə qənaətə gəlmək olar ki, burada bu prosesdə istifadə oluna biləcək nəsə tapmağa çalışıblar”, - Yeritsyan deyib.
O, Karapetyanın separatçı ünsürlərə “xeyriyyə məqsədilə” pul ayırdığını və buna dair ofisdə sənədlərin olduğunu etiraf edib.
Vəkil komitənin əməkdaşlarının axtarış zamanı sındırılmış seyfdən götürdükləri bəzi qovluqları özləri ilə apardıqlarını açıqlayıb. O, məsələnin başqa aspektlərinin olduğunu da istisna etmir.
Yeritsyan bundan öncə söyləmişdi ki, axtarış dünən “müstəqillik referendumu günü və “Dağlıq Qarabağın konstitusiyasının qəbulu” ilə bağlı ofisdə aparılmış müzakirələrə görədir. Həmçinin, o qeyd etmişdi ki, axtarışlar separatçı ünsürlərə qarşı açılmış iqtisadi cinayət işi ilə əlaqəlidir.
Xatırladaq ki, bu gün Ermənistan İstintaq Komitəsinin əməkdaşları separatçıların ofisində axtarış aparıblar. Ondan çox müstəntiq ofisə gələrək axtarış və sənədlərin götürülməsinə dair order təqdim ediblər.
Samvel Karapetyana gəlincə, o, iyunda Ermənistanda hakimiyyəti devirməyə açıq çağırış ittihamı ilə həbs olunub. Bundan sonra “Bizim Yol” adlı siyasi hərəkat təsis edən iş adamı 2026-cı ildə keçiriləcək parlament seçkilərində iştirak edəcəyini açıqlayıb. Samvel Karapetyanın həbsi Rusiyada rezonans doğurub, hətta Xarici İşlər Nazirliyi səviyyəsində bu məsələyə münasibət bildirilib. Onun seçkilərdə Kremlin mümkün namizədlərindən biri olması barədə iddialar var.