BAKI, 11 dekabr. TELEQRAF

Ukrayna Təhlükəsizlik Xidmətinin “Alfa” xüsusi əməliyyat mərkəzi Rusiyanın “Lukoyl-Nijnevoljskneft” şirkətinə məxsus Filanovski neft hasilatı platformasına PUA-larla zərbələr endirib, hücumdan sonra onlarla quyuda neft hasilatı dayandırılıb.

Teleqraf xəbər verir ki, bu barədə UNIAN Ukrayna xüsusi xidmət orqanlarına istinadla məlumat verib.

Bildirilir ki, bu, Ukraynanın Xəzər dənizində neft hasilatı ilə bağlı Rusiyanın infrastrukturuna ilk hücumudur:

“Dəniz platformasına ən azı dörd zərbə qeydə alınıb. Hücum nəticəsində onun xidmət göstərdiyi 20-dən çox quyudan neft-qaz hasilatı dayanıb”.

Məlumata görə, Filanovski yatağı Rusiya və Xəzər dənizinin Rusiya sektorunda kəşf edilən ən iri yataqlardan biridir. Onun ehtiyatlarına 129 milyon ton neft, 30 milyard kubmetr qaz daxildir.

“Xəzər dənizinə zərbə Rusiya Federasiyasına daha bir xatırlatmadır ki, onun müharibə üçün işləyən bütün müəssisələri harada olur-olsun, legitim hədəflərdir”, - Ukrayna kəşfiyyatında nəşrə deyilib.

Xatırladaq ki, “Lukoyl” neft şirkəti azərbaycanəsilli rusiyalı iş adamı, milyarder Vahid Ələkbərova məxsusdur.