BAKI, 10 dekabr. TELEQRAF

Yaxın vaxtlarda Ermənistan-Azərbaycan sərhədinin daha bir hissəsi demarkasiya olunacaq.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib.

“Bəzi məsələlərdə biz, bəzi məsələlərdə Azərbaycan tərəfi tələsir, amma proses davam edir. Düşünürəm ki, yaxın gələcəkdə sərhədin müəyyən hissəsini də demarkasiya edəcəyik”, - deyən Simonyan hansı hissədən danışdığını açıqlamayıb.

Ermənistan parlamentinin sədri prosesin gələn ilin birinci rübündə baş tuta biləcəyini mümkün hesab edib.

Azərbaycan və Ermənistan 2024-cü ilin iyun ayında sərhədin delimitasiya və demarkasiyasının birinci mərhələsinin başa çatdığını açıqlayıb. Birinci mərhələ çərçivəsində Qazax-Tavuş istiqaməində sərhədin 12,6 kilometrlik hissəsi demarkasiya olunub. 2025-ci ilin yanvarında iki ölkənin sərhədin delimitasiyası üzrə komissiyaları sərhədin şimal hissəsindən – Azərbaycan, Ermənistan və Gürcüstan sərhədlərinin kəsişmə nöqtəsindən başlamaqla, cənuba doğru - Ermənistan və Azərbaycanın İranla sərhədinə qədər işlərin davam etdirilməsi barədə razılığa gəliblər.