BAKI, 10 dekabr. TELEQRAF
ABŞ-nin Avropa Komandanlığının (EUCOM) Tərəfdaşlıq, Təhlükəsizlik sahəsində əməkdaşlıq və Kütləvi qırğın silahlarına qarşı mübarizə üzrə direktor müavini, general-mayor Kris Makkininin rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistana səfər edib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Ermənistandakı səfirliyi məlumat yayıb.
Açıqlamada nümayəndə heyətinin avqustun 8-də Ağ Evdə ABŞ, Azərbaycan və Ermənistan liderləri arasında keçirilən sammitdə əldə olunmuş razılaşmaları dəstəkləmək üçün səfər etdiyi bildirilib.
Həmçinin qeyd olunub ki, EUCOM kimyəvi, bioloji, radioloji və nüvə müdafiəsi sahəsində əməkdaşlığın genişləndirilməsi və silahlı qüvvələrin davamlı modernləşdirilməsi də daxil olmaqla, davamlı sülhə töhfə verən ümumi məqsədləri irəli sürmək üçün Ermənistan Daxili İşlər və Müdafiə nazirlikləri ilə sıx əməkdaşlıq edir.
Xatırladaq ki, general-mayor Kris Makkininin rəhbərlik etdiyi nümayəndə heyəti ötən həftə Azərbaycanda da səfərdə olub.