BAKI, 20 noyabr. TELEQRAF
“Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Gürcüstanın hazırkı vəziyyətini diktaturanın qurulması kimi qiymətləndirməsi faciədir”.
Teleqraf xəbər verir ki, bunu müxalif “Güclü Gürcüstan” Partiyasının nümayəndəsi Tazo Datunaşvili deyib.
Datunaşvili bildirib ki, artıq mövcud reallığı gizlətmək mümkün deyil, AŞPA-nın bu mövqeyi düzgün və əsaslıdır:
“Bu, Gürcüstanın 1999-cu ildən üzv olduğu təşkilatdır. Bu təşkilata (keçmiş prezident Eduard) Şevardnadze dövründə Gürcüstan o ümidlə qəbul edildi ki, bizim Qərb tərəfdaşlarımız ölkədə böyük potensial görürdülər, uzun fasilədən sonra Gürcüstan və dövlətçiliyinin Avropa ailəsinə qayıda biləcəyinə inanırdılar. Gürcü dövlətçiliyi üçün faciədir ki, bu gün həmin təşkilat Gürcüstanın siyasi vəziyyətini diktaturanın qurulması kimi qiymətləndirir. Amma bu reallıqdır və bu reallığı artıq heç nə ilə gizlətmək olmur. Çünki doğru zamanda düzgün mövqe tutmaq çox vacibdir və indi AŞPA həmin düzgün mövqeni nümayiş etdirir”.
Datunaşvili əlavə edib ki, bütün müxalifət liderlərinin həbs və siyasi təqib altında olması yolverilməzdir.
“Bu, “Gürcü Arzusu” adlanan hakimiyyət üçün ən yüksək səviyyəli mesajdır ki, İvanişvil rejimi özünə gəlsin, ayılsın və ölkəni Gürcüstan xalqının mütləq əksəriyyətinin istədiyi istiqamətə - Avropa İttifaqına inteqrasiya yoluna qaytarsın.
1999-dan 2025-ə qədər bu yol qət edilib, sonda AŞPA-nın Gürcüstanın vəziyyətini diktaturanın qurulması kimi qiymətləndirməsi faciədir. Əgər “Gürcü Arzusu” ölkənin bütün əhalisini sürüklədiyi bu dəhşətli prosesi dayandırarsa, hələ də geridönüş şansı var”.