BAKI, 8 oktyabr. TELEQRAF
“Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən zirvəsi çərçivəsində həmkarlarımla qlobal və regional məsələləri müzakirə etmək imkanım oldu”.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Təşkilatımız artan beynəlxalq nüfuzu, genişlənən təsir dairəsi və dərinləşən əməkdaşlıq əsasları ilə qlobal bir aktora çevrilmək yolunda irəliləyir. Bu istiqamətdə institutsional inkişafı daha da dərinləşdirəcək, əməkdaşlığımızı müxtəlifləşdirəcək və təşkilatımızı qlobal miqyasda daha təsirli edəcəyik.
Türk Dövlətləri Təşkilatına sədrlik dövrünü layiqincə başa vuran Qırğızıstanı, eləcə də uğurlu bir zirvə təşkil edən Azərbaycanı təbrik edirəm. Gələn il sədrliyi öz üzərimizə götürəcəyik və zirvəni, İnşallah, Türkiyədə keçirəcəyik”, - prezident qeyd edib.