BAKI, 8 oktyabr. TELEQRAF
“Türk Dövlətləri Təşkilatı (TDT) artıq təkcə mədəni bir birlik deyil, bu, strateji həmrəylik platformasına çevrilib”.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Dünyadakı gərginliklər hamıya təsir etdiyi kimi, Türk Dövlətləri Təşkilatına üzv ölkələrə də birbaşa təsir göstərir. Münaqişə bölgələrinə coğrafi yaxınlığı da nəzərə alsaq, ailə məclisimiz (Türk Dövlətləri Təşkilatı) bu gərginliklərdən dünyanın digər ölkələrinə nisbətən daha çox təsirlənir. Belə olduğu üçün, riskin olduğu yerdə tədbirin də olması labüddür. Ancaq biz istənilən vəziyyətə qarşı hazırlıqlıyıq”, - dövlət başçısı bildirib.
Ərdoğan qeyd edib ki, hazırda üzv dövlətlər arasında kəşfiyyat, sərhəd təhlükəsizliyi və kiberməkan da daxil olmaqla çoxşaxəli əməkdaşlıq məsələlərini müzakirə edilir:
“Bu gün dünyada müdafiə xərclərini artırmaq və təhlükəsizlik sahəsində yeni addımlar atmaq tendensiyası müşahidə olunur. Biz — Türk Dövlətləri Təşkilatına üzv ölkələr olaraq, bu istiqamətdə müvafiq addımlar atırıq. Gələcəkdə daha irəli addımlar da atılacaq və onlar bütün aspektlərdən qiymətləndirilərək həyata keçiriləcək”.
Türkiyə lideri vurğulayıb ki, Qəzza, Suriya və Cənubi Qafqazda sabitliyin yaradılması kimi kimi prioritet xarici siyasət məsələlərinə dair ortaq yanaşmalar TDT-nin dünən Qəbələdə keçirilən zirvəsində qəbul olunan bəyannamədə öz əksini tapıb: “Xarici işlər nazirlərimizin regional və qlobal proseslərlə bağlı daha tez-tez bir araya gəlmələri üçün lazımi tapşırıqları verdik”.