BAKI, 8 oktyabr. TELEQRAF
44 günlük müharibədə separatçı qüvvələrə rəhbərlik edən Cəlal Arutyunyan Ermənistan Baş naziri Nikol Paşinyanın onu azadlığa buraxmamasından məyus olub.
Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
“Arutyunyanın bu gözləntisinə baxmayaraq, bir neçə gün əvvəl Kassasiya Məhkəməsi onun barəsində hökmü dəyişməz saxlayıb. Qərara əsasən, Cəlal Arutyunyan cəzasını müvafiq cəzaçəkmə müəssisəsində çəkəcək.
General 5,5 il müddətinə azadlıqdan məhrum edilib, o, müharibə zamanı səhv əmr verməkdə təqsirli bilinib. İttihama görə, onun əməlləri nəticəsində hərbi hissənin 20 əsgəri düşmən (Azərbaycan ordusunu nəzərdə tutur – red.) tərəfindən hədəfə alınaraq öldürülüb və hərbi hissə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçib.
Məhkəmənin qərarından sonra dar çərçivədə qıcıqlandığını gizlətməyən Cəlal eyham vurub ki, əgər onun susqunluğu təqdir olunmasa, o zaman hansısa sirlərin, açıq-aydın deyilməsə də, sızma formasında dərc olunmağa hazır olsunlar”, - nəşr bildirib.
Xatırladaq ki, C.Arutyunyan 44 günlük müharibədə Azərbaycan ordusunun PUA zərbəsi ilə yaralanıb. Hərbi cinayətkarın hərəkətdə olan maşını dronla vurulsa da, xilas ola bilmişdi.