TBİLİSİ, 25 sentyabr. TELEQRAF
Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) “112” zəng xidmətinə Tbilisidəki hoteldə otaqlardan birindən atəş səslərinin eşidildiyi barədə məlumat daxil olub.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə DİN-dən bildirilib.
Qeyd olunub ki, məlumat daxil olan kimi dərhal reaksiya verilib və müvafiq bölmələr hadisə yerinə cəlb edilib.
“Hadisə yerinə gələn kimi müəyyən edilib ki, hotelin otaqlarından birində bir nəfər kilidlənib və mehmanxana işçilərini ölümlə hədələyib. Həmin şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hadisə yerində saxlanılıb. Hadisə ilə bağlı qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, gəzdirmə və hədələmə maddələri ilə istintaq aparılır”, - DİN-nin məlumatında deyilir.
***
15:31
TBİLİSİ, 25 sentyabr. TELEQRAF
Tbilisidə yerləşən “Holiday Inn” hotelində silahlı insident baş verib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə yerinə xüsusi təyinatlılar, polis əməkdaşları və xilasedicilər cəlb olunub.
Silahlı şəxs saxlanılıb. Onun hoteldə qonaq olduğu bildirilir.
Hadisə şahidlərinin sözlərinə görə, onlar hoteldə atışma səsləri eşidiblər.
Tbilisi Polis Departamentinin rəisi Vaja Siradze atışma ilə bağlı bir nəfərin saxlanıldığını jurnalistlərə təsdiqləyib. Bildirib ki, faktla bağlı hədə-qorxu, odlu silahın qanunsuz əldə olunması, saxlanılması və daşınması maddələri üzrə istintaq aparılır. O, saxlanılan şəxsin otaqda tək olduğunu qeyd edib.