BAKI, 24 sentyabr. TELEQRAF
Ermənistanın Rusiyanın Sankt-Peteburq şəhərindəki konsulluğunda intihar edən separatçı Boris Avaqyanın hadisə yerində çəkilmiş fotoları yayılıb.
Teleqraf xəbər verir ki, onun şəkilləri Teleqram kanallarında dərc olunub.
Fotolardan Boris Avaqyanın bıçaqla biləyini kəsərək həyatına qəsd etdiyi üzə çıxıb.
.jpg)
.jpg)
***
11:15
Ləğv edilmiş separatçı rejimin “keçmiş xüsusi nümayəndəsi” Boris Avaqyan Ermənistanın Sankt-Peterburqdakı konsulluğunun binasında ölü tapılıb.
Teleqraf xəbər verir ki, Avaqyan təxminən 50 dəqiqə olduğu ayaqyolunda huşsuz vəziyyətdə tapılıb.
Məlumata görə, separatçı intihar edib.
Qeyd edək ki, Avaqyan bir müddət əvvəl Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşlarının onu bir neçə dəfə həbs etdiyi, sənədlərini yoxladığı, polis bölməsinə apardığı və Ermənistana ekstradisiya edilməsini tələb etdiyi barədə məlumat vermişdi.
Rusiya mətbuatının məlumatına görə, Avaqyan 4,2 milyard rubldan çox vergidən yayınmaqda ittiham olunur.
Onun və bir neçə nəfərin barəsində iş 2024-cü ilin aprelindən məhkəmədədir. İşdə ümumilikdə 21 nəfər iştirak edir. Söhbət 2014-2015-ci illərdə Rusiyaya ucuz tikinti materialları adı altında gətirilən məişət mallarının idxalından gedir. 2025-ci ilin avqustunda Avaqyan Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalayıb, onun işi dayandırılıb və o, həbsdən azad edilib.
Sentyabrın 23-də bu müqaviləyə xitam verilməsi və Avaqyanın Ukraynada müharibəyə getməməsi səbəbindən işin bərpası ilə bağlı vəsatət qaldırılıb. Məhkəmə qərar qəbul etmək üçün müşavirə otağına çəkilib. Həmin vaxt Avaqyan məhkəmə binasını tərk edərək gizlənib. Məhkəmə işin yenidən başlanması və təqsirləndirilən şəxsin həbs edilməsi barədə qərar qəbul edib.
Rusiyada Avaqyan Sankt-Peterburq Ticarət Limanının Gömrük Brokerliyinin baş direktoru olub. 2010-cu ildən Federal Əmlakın İdarə Edilməsi Agentliyinin Leninqrad vilayəti üzrə idarəsinin rəis müavini idi. 2014-cü ildən Sankt-Peterburq şəhərinin Torpaqdan İstifadə və Mühafizə üzrə Baş Dövlət Müfəttişinin müavini, daha sonra Dövlət Torpaq Nəzarəti İdarəsinin rəis müavini olub.
2022-ci ilin fevralında məlum olub ki, Ermənistan polisi Avaqyanı çirkli pulların yuyulmasına görə axtarışa verib. Həmçinin o, 2021-ci ildə artıq ləğv edilmiş separatçı rejimin “nümayəndəsi” olub.