TBİLİSİ, 16 sentyabr. TELEQRAF

Oktyabrın 22-23-də Tbilisidə Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin himayəsi altında V İpək Yolu Forumu keçiriləcək.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyindən bildirilib.

Əsas mövzusu və şüarı “Bağlantıya investisiya yatırmaq – Sabitlikdə inkişaf etmək” (“Invest in Connectivity – Grow in Stability”) olacaq builki foruma təqribən 2 minə yaxın nümayəndə qatılacaq. Tədbirdə yüksək vəzifəli siyasi xadimlər, biznes sektorun və beynəlxalq təşkilatların nümayəndələri, region ölkələrinin baş nazirləri və baş nazir müavinləri, eləcə də regiondan kənar ölkələrin nazirləri, aparıcı qlobal şirkətlər, beynəlxalq maliyyə institutları və beynəlxalq ekspertlər iştirak edəcəklər.

Forumun əsas müzakirə mövzuları arasında beynəlxalq ticari-iqtisadi münasibətlər, Orta Dəhlizin gələcək inkişafı da daxil olmaqla Avropa və Asiyanı birləşdirən nəqliyyat-logistik bağlantılar, müxtəlif istiqamətlər üzrə yeni proqram və layihələr də yer alacaq.

Beynəlxalq tədbiri oktyabrın 22-də Zakariya Paliaşvili adına Tbilisi Opera və Balet Teatrında Gürcüstanın hökumət başçısı İrakli Kobaxidze açacaq. Həmin gün ticarət, nəqliyyat, energetika və rəqəmsal texnologiyalar istiqamətləri üzrə 7 tematik sessiya, həmçinin investisiya forumu keçiriləcək.

Oktyabrın 23-də isə tədbir çərçivəsində Tbilisi Maliyyə Sammiti, müxtəlif şirkətlərin nümayəndələri arasında ikitərəfli görüşlər təşkil olunacaq.

Qeyd edək ki, Tbilisi İpək Yolu Forumunda Azərbaycanın da təmsil olunacağı gözlənilir. Tədbirin bu günə olan proqramına əsasən, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev forumun əsas spikerlərindən biri olacaq.