BAKI, 11 sentyabr. TELEQRAF
“Azərbaycanla kommunikasiyaların açılması Ermənistanın iqtisadi inkişafına təkan verəcək”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan deyib.
Nazir “Tramp yolu” layihəsi (və ya Zəngəzur dəhlizi) ilə bağlı bildirib ki, yaxın günlərdə Ermənistanda müxtəlif nümayəndə heyətlərinin səfəri gözlənilir. Söhbət ABŞ ilə yanaşı, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə Ankaranın xüsusi nümayəndəsi Sərdar Kılıçın Ermənistana səfərindən gedir.
“Əslində, praktiki mərhələdəyik. Mehri və Qafan (Qərbi Zəngəzur - red.) sakinləri hər gün dağların dağıdıldığını, yeni şimal-cənub yolunun çəkildiyini görürlər”, - nazir qeyd edib.
O əlavə edib ki, paralel olaraq, amerikalılar da gələrək durumla tanış olacaq, yerdə hesablamalar aparacaq: “Bununla praktiki mərhələyə qədəm qoyacağıq, nəticədə Ermənistan qlobal nəqliyyat qovşağına çevriləcək”.
Nazir vurğulayıb ki, yolların açılması Ermənistanın “iqtisadi ciyərlər”ini də açacaq: “Ermənistan təkcə dənizə çıxışı olmayan ölkə deyil, həm də mövcud quru sərhədlərinin 75 faizi bağlıdır”.
Azərbaycan və Türkiyə ilə yolların açılacağı və əlaqələrin bərpa olunacağı təqdirdə Ermənistanın iqtisadi artımının nə qədər olacağı ilə bağlı müxtəlif hesablamalar var. Nazirin sözlərinə görə, hazırda araşdırmalara göstəriş verilib: “Araşdırmalarımıza görə, bu durumda Ermənistana idxal olunan bir çox malların qiymətləri xeyli aşağı düşəcək. Ermənistanın idxal etməli olduğu mallar var və onlar Ermənistanda kifayət qədər bahadır. Logistik problemimiz olduğu üçün bahadır”.