TBİLİSİ, 20 avqust. TELEQRAF

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 51 üzvü Gürcüstanla bağlı bəyanat qəbul edib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, “Gürcüstanda avtoritar geriləmə” adlı sənəddə Gürcüstanın Avropa Şurasından (AŞ) çıxarılması tələbi yer alıb.

Bəyanat müəllifləri bildiriblər ki, Gürcüstanda irəliləyiş əldə olunmasa, ölkənin AŞ-dən çıxarılması prosesinin başlanılmasına çağırış ediləcək.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bəyanatı şərh edib. O, Avropa bürokratiyasının tam absurd vəziyyətdə olduğunu deyib.

“Biz onsuz da qərarımızla AŞPA-nın fəaliyyətində iştirakımızı dayandırmışıq. Onlar bizim artıq özümüzün dayandırdığı statusun dayandırılmasını tələb edirlər. Belə şəraitdə Avropa bürokratiyasının nə qədər mürəkkəb olduğunu özünüz görə bilərsiniz”, - İ.Kobaxidze söyləyib.

Baş nazir əlavə edib ki, Gürcüstan sülh, inkişaf və ənənəvi dəyərləri qoruyub saxlamaqla Avropa İttifaqına üzv olmaq istəyir:

“Biz öz prinsiplərimizdən heç bir halda geri çəkilməyəcəyik”.

Xatırladaq ki, Gürcüstan nümayəndə heyəti AŞPA-dakı fəaliyyətini ədalətsiz yanaşma səbəbindən ötən ilin yanvarın 29-dan dayandırıb.