BAKI, 12 avqust. TELEQRAF

“İranın bəzi mətbuat orqanlarında və sosial şəbəkələrdə Zəngəzur dəhlizi ilə bağlı məlumatlar təhrif edilir və İranın şimal sərhədlərini itirməsi kimi yozulur”.

Teleqraf xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Fatimə Mohacerani bildirib.

Onun sözlərinə görə, geniş müzakirə olunan Zəngəzur məsələsi İranın şimal ərazisinin (Ermənistanla sərhədin) yalnız kiçik bir hissəsinə aiddir. Mohacerani İranın regionda sabitliyin bərpasına, dövlətlərin ərazi bütövlüyünün və suverenliyinin qorunmasına böyük diqqət yetirdiyini iddia edib.

Fatimə Mohacerani əlavə edib ki, İran heç vaxt qonşu ölkələrdə xarici qüvvələrin olmasını alqışlamayıb və vəziyyət daimi nəzarət altındadır. İran rəsmisinin fikrincə, ən yaxşı həll yolu regional qüvvələr vasitəsilə sabitliyin təmin edilməsidir.

“Ölkələrin ərazi bütövlüyünü qorumaq İranın prinsipial mövqeyidir. İran qonşu ölkələrdə (Ermənistan) xarici qoşunların olmasını alqışlamır və hesab edir ki, region sülhü özü təmin etməlidir”, - İran hökumətinin sözçüsü bildirib.